Arif Əsədov: “Sonadək qələbə qazanmaq haqda düşünürdük”

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov bu gün Bolqarıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu oyunda qalib müəyyənləşməyib.

Millimizə müvəqqəti rəhbərlik edən Arif Əsədov oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı oynadı. Komandam bu oyuna çox istəkli çıxmışdı. Futbolçular zmkar oyun göstərdilər. Sona qədər qələbə qazanmaq haqda düşünürdük. Ani vəziyyətdə qol buraxdıq. Sonradan etdiyimiz əvəzetmələr oyunumuzu daha da gücləndirdi. Qol vurduq və bir neçə 100 faizli imkanlarımız var idi. Komanda istədiyimin 70-80 faizini yerinə yetirirdi. Birinci oyunda olduğu kimi, qol epizodlarından istifadə edə bilməməyimiz öz sözünü dedi.

Təəssüf ki, Vüsal İsgəndərli dünənki məşqdə zədələndi. Onu da Emil kimi, bu oyunda da yoxlamaq niyyətindəydik. Məncə, özü haqda yaxşı təəssürat yaratdı. Bu uşaqları milliyə cəlb etmək lazımdır.

Bu gün əks-hücumlarımız da yaxşı alınırdı. Epizodları reallaşdırmağa gəldikdə, futbolçularımızı günahlandırmaq istəməzdim. Hücumdakı oyunçularımız hələ o formada deyillər. Sevindirici haldır ki, Musa meydana girib qol vurdu. Klubuna qayıdanda ruh yüksəkliyi olacaq. Ramil Şeydayev “Qarabağ”dakı kimi deyil, amma əlindən gələni etdi. Renat Dadaşova gəldikdə, o da aktiv idi, sadəcə, qol duyumunu itirib. Musaya demişdim ki, cərimə meydançasının içində ol, o da bunu edib qol vurdu.

Əsas heyətdə meydana çıxanlardan taktiki baxımdan razı qaldım. Vacib olan intizamı pozmamaq idi. Komandamdan birinci yarıda bunu gördüm. Pressinq edirdik. Komanda tapşırıqları yaxşı yerinə yetirdi. Hazırlıq durumundan da çox şey asılıdır. Emil Mustafayevi götürsək, öz klubunda daim əsas heyətdə oynamır. Onun gücündən sonradan meydana buraxaraq istifadə etmək istəyirdik. Ceyhun Nuriyevi də sonradan meydana daxil etdik ki, hücum planında kömək olsun. Filip Ozobiçi də meydana buraxdıq. Risk edərək hücumu gücləndirdik. Sevindirici hal odur ki, son saniyədə komanda ikinci qolu da vurmaq istəyirdi”.

“Qısa müddətdə yaxşı işlər gördük”

Əsədov hakimlikdən narazı qaldığını da gizlətməyib: “Hakimlikdən danışmaq istəmirəm. Referi bəzi epizodlarda əleyhimizə qərarlar verirdi. Bu da komandamızı bərkidir. Komanda buna hazır olmalıdır ki, psixoloji baxımdan inkişaf edək”.

Arif Əsədov özünün yığmamızdakı fəaliyyətindən də söz açıb: “Qısa müddətdə istədiyimi futbolçulara çatdırmağa çalışdım. Gələcəyə ümid verdik ki, oyunumuzu daha da inkişaf etdirə bilərik. Yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərdilər. Komandada rəqabət olarsa, inkişaf görəcəyik. Yanımda üç köməkçim var: Kamran Ağayev, Füzuli Məmmədov və İlham Yadullayev. Hamısından razıyam. Qısa müddətdə yaxşı işlər gördük. Məşqçilər korpusumuz kiçik idi, amma 10 nəfərin əvəzini verdik. Hər gün yığışıb, rəqiblərimizi analiz edirdik.

Təbii ki, bizim azarkeşlər rəqibdən asılı olmayaraq, dominantlıq etməyimizi xoşlayırlar. Çalışdım ki, bu oyunlarda futbolçu resurslarından istifadə edim. Bizim futbolçular topla oynamağı, hücum etməyi sevir, nəinki müdafiə olunmağı. Çalışırdıq ki, hücumda oynayaq, müdafiəni də rəqibin zonasında quraq ki, müdafiədə problemlər olmasın. Uşaqlar da bunun öhdəsindən gəldi.

Emin Mahmudovu hər iki matçda əvəzlədik. Bu, ilk növbədə Eminin zədəsi ilə bağlı idi. Ona minnətdaram ki, toplanışa zədəli-zədəli gəlmişdi. Monqolustanla görüşdə oynatmaq istəmirdim. Amma kapitan kimi bildirdi ki, oynamaq istəyirəm. Oyunun gedişindən də görünürdü ki, sərtlik çox idi. Mərkəzdə gedən mübarizələrdə də həmçinin. Hiss edirdim ki, Eminin ayağında ağrılar var və ona görə onu qoruduq”.