Ayxan Abbasov: “İlk hissədə ikinci qolu da vura bilərdik”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərnbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Həmişə milli komandalara görə yaranan fasilədən sonra oynamaq çətin olur. Sevindim ki, futbolçularım tonusdan düşməyib. Bu gün yaxşı mübarizə apardıq. Oyuna yaxşı başladıq. İlk yarıda ikinci qolu da vura bilərdik. Futbolçularımın çıxışı məni sevindirdi. Azarkeşlərimizə təşəkkür edirəm. Xallarımızın üstünə xal gəldi. Bundan sonra daha çətin olacaq. Növbəti matçlara hazırlaşmaq lazımdır”.

Ayxan Abbasov Belaydi Pusinin durumundan və komandanın əks-hücumlarda effektli olmamasına da toxunub:

“Hücumda Pusidən çox şey istəyirik. İrəlidə rəqibin müdfiəsini təzyiqdə saxlayır. Vurduğumuz qol da onun mübarizəsinin nəticəsində oldu. Sarı vərəqəsi olduğuna görə ehtiyat etdim. Həm də oyuna yeni nəfəs qatmaq istəyirdik. Belaydi çıxandan sonra 4-5 təhlükəli hücumumuz oldu. Taktiki dəyişiklik idi. “Neftçi” və “Zirə” ilə matçlarda yaxşı hücumlarımız oldu. Rüfət Abbasov son ötürmələrdə daha soyuqqanlı olsaydı, ikinci qolu vura bilərdik. Gənc oyunçudur. Bu cür situasiyaları yaşamalıdır”.

“Dava-dalaşla nəsə qazana bilmərik” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Rəqibi təbrik edirəm. Ayxan Abbasov mübariz komanda qurub. Tez qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün fürsətimiz oldu. Amma yararlana bilmədik. Oyunun sonunda rəqib qapandıqca bizim qol vurmağımız çətinləşdirdi. Gələcək oyunlara hazırlaşacağıq. Belə nəticələr hər komadanın başına gəlir. Çempionatın əvvəlidir. Futbolçular tam hazır deyillər. Amma bu, bəhanə deyil. Uşaqlar tam formaya düşəndə nəticələr də olacaq. Bu gün fiziki baxımdan balanslı komanda deyilik. Belə əziyyətlər çəkəcəyimizi bilirdik. Hələ çempionatın əvvəlidir. Keçən il də belə problemlər yaşamışdıq. Pis gündə səbrli olmalıyıq. Dava-dalaşla nəsə qazana bilmərik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: