Azərbaycan millisi Astanada son məşqə çıxdı

Futzal üzrə DÇ-2024-ün elit raundunda sabah Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün Astanada son məşqə çıxıb.

Arena.az xəbər verir ki, komandamız oyunun keçiriləcəyi Astana şəhərindəki “Jekpe Jek Arena”da məşq edib.

Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasovla Qazaxıstan Futzal Federasiyasının prezidenti Talqat Kosmukhambetov arasında görüş keçirilib. Hər iki qurum rəsmisi bir-birinə xoş arzularını çatdırıb, gələcəkdə də komandalar arasında yoldaşlıq oyunlarının təşkili barədə fikir mübadiləsi aparıb. Daha sonra Elşən Abasov komanda üzvləri ilə görüşüb və sabahkı matçın əhəmiyyətini oyunçuların diqqətinə çatdırıb. O, qarşılaşmanın bizim üçün finala bərabər olduğunu bildirib.

Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar baş məşqçi Vitali Borisovun tapşırıqlarını yerinə yetirib, bir neçə standart vəziyyəti reallaşdırmağa çalışıb. Heyətdə zədəli futzalçı yoxdur. Yalnız Bakıda bu komandalar arasında 4 gün əvvəl baş tutmuş oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo Astanadakı dueldə iştirak etməyəcək. Əvəzində Amir Şocaei komandamıza kömək edəcək.

Xatırladaq ki, Azərbaycan millisi Qazaxıstana 14 futzalçı ilə yollanıb.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli;

Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Şocaei.

Sabah baş tutacaq Qazaxıstan – Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Hazırda yığmamızın qrupunda xal durumu belədir:

Qazaxıstan – 9. Rumıniya – 6. Azərbaycan – 3. Niderland – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: