“Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Ağdam təmsilçisinin Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionunun Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı davam edir.
Bəhlul klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesi ilə bağlı bunları söyləyib:
“Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq. Komandamızın daxilində əla əhval-ruhiyyə var. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.
Müdafiəçi “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunlarının faydasını vurğulayıb: “Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.
Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Hamrun Spartans” – “Linkoln” oyununa da toxunub:
“Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir. Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı analizlərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir. Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam təmsilçisinin heyətində 102 oyuna çıxıb, 4 qola imza atıb.
Müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 30 oyun keçirib, 1 qol vurub.


