Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə ötən gecə Monqolustan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bakıda baş tutan və 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Qol vurmaq üçün şanslarımız çox oldu. Yaxaladığımız epizodları daha tez qola çevirməliydik. Lakin yalnız sonda fərqlənə bildik. İstənilən halda qələbə qazanmaq xoşdur. Bizim üçün yaxşı sınaq oldu. Bəzən belə oyunlar komandaya əlavə güc verir”.
27 yaşlı futbolçu qələbənin çətinliklə əldə olunmasının səbəbini belə izah edib: “Yaxaladığımız epizodları daha yaxşı dəyərləndirməliydik. Bu halda daha çox qol vura bilərdik. Lakin bəzən alınır, bəzən isə alınmır. Bu gün də rəqib müdafiəsini çox gec yara bildik”.
Millimizin qələbə qolunun müəllifi olan futbolçu məşqlərdə standart vəziyyətlər üzərində çalışdığını bildirib: “Daha çox qol vurmaq, komandama tək müdafiədə yox, standart vəziyyətlər zamanı irəlidə də kömək etmək üçün çalışıram. Məşqlərdə bunun üzərində işləyirəm. Bəzən mən, bəzən başqası qol vurur. Bu, futboldur. Kimin fərqlənməsi elə də vacib deyil. Əsas odur ki, qələbə qazandıq”.
Müdafiəçi növbəti matçda da qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Bolqarıstanla görüşdə də meydana yalnız qələbə üçün çıxacağıq. Həm də yaxşı oyun göstərməyə çalışacağıq. Bu qələbənin ardını gətirmək istəyirik”.
Bəhlul Mustafazadə hazırda milliyə rəhbərlik edən Arif Əsədovdan da söz açıb: “Arif müəllim tanıdığımız, daha əvvəl birgə işlədiyimiz məşqçidir. Biz onun, o da bizim iş prinsipimizə bələddir. Millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmasının bizim üçün böyük fərqi yoxdur. Ümumiyyətlə, bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Baş məşqçi kim olsa, biz futbolçular eyni qaydada çalışmağa davam edəcəyik”.
Xatırladaq ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də Bolqarıstan yığması ilə də üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.


