“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə doğma rayonu İmişlinin İkinci Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.
Arena.az xəbər verir ki, bu barədə “Kür-Araz”ın “İnstagram” səhifəsindəki paylaşımında qeyd olunub.
Xəbərdə bildirilib ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə İmişli klubunun rəhbərliyi Bəhlul Mustafazadəyə minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, Ağdam təmsilçisinin heyətində 69 oyuna çıxıb, 3 qola imza atıb. Azərbaycan yığmasının da üzvü olan Bəhlul millimizdə 26 oyun keçirib.


