Bəhlul Mustafazadə: “Önəmli olan sistemi qorumaqdır”

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Kubokunun yarımfinalında “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Ötən gün “Neftçi Arena”da baş tutan bu oyunda “Qarabağ” 4:0 hesabıyla qalib gəlib.

Qarşılaşmadan sonra Bəhlul Mustafazadə Arena.az-ın əməkdaşının suallarını cavablandırıb:

  • Oyun haqda fikirləriniz necədir?
  • Matça yaxşı başladıq. İlk hissədə üç qol vurduq. Önəmli üstünlük əldə etdik. İkinci hissədə təəssüf ki, bu tempi davam etdirə bilmədik. Ümumi götürsək, yaxşı oyun keçdi. Bu stadionda “Neftçi”yə qarşı oynamaq həmişə maraqlıdır.
  • Tempi davam etdirə bilməməyə səbəb rəqibin müqaviməti oldu, ya özünüz istəmədiniz?
  • Burada rəqibin rolu var. “Neftçi” daha çox irəli atıldı. Səbəbi bunda görürəm. İlk hissədəki tempi davam etdirməli idik. Nəticədən razıyıq və gələn oyuna hazırlaşacağıq.
  • “Neftçi”yə heç yazığınız gəlmədi?
  • Demək çətindir. Bu, mərkəzi qarşılaşmadır. Biz də onlar kimi hər oyunda qələbə qazanmaq istəyirik. Rəqibdən asılı olmayaraq, əlimizə düşən şansları dəyərləndirib, maksimum qol vurmağa çalışırıq.
  • Cavab qarşılaşması üçün motivasiyanı necə tapacaqsınız?
  • “Neftçi” ilə oynamaq həmişə maraqlıdır. Motivasiya baxımından heç bir çətinlik olmayacaq. Eyni tərzdə ikinci oyuna da hazırlaşacağıq.
  • Finalda rəqibin “Qəbələ” və ya “Zirə” olmasının fərqi varmı?
  • Elə bir fərqi yoxdur. Biz öz oyunumuza hazırlaşırıq. Hədəfimiz kuboku götürməkdir. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz kuboku qazanmaqdır.
  • Hesabın belə olacağını gözləyirdiniz?
  • Biz hər oyuna maksimum güclə hazırlaşırdıq. Əlimizə düşən imkanları dəyərləndirib, mümkün qədər çox qol vurmağa çalışırıq. Bu gündə eyni qaydada şanslarımızı dəyərləndirirdik. Bəlkə daha çox qol vura bilərdik.
  • Komanda hazırda ideal vəziyyətdədir. Heyətin yarıdan çoxu da bəzi klubların maraq dairəsindədir. Yayda həmin oyunçular getsə, bizi necə “Qarabağ” gözləyir?
  • Bu, “Qarabağ”da illər boyu davam edən prosesdir. Hər zaman kimlərsə gedir və onların yerinə başqaları gəlir. Kimlərinsə getməyi böyük problem olmayacaq. Çünki burda önəmli olan sistemdir. Buna uyğun oyunçular tapılır və həmin futbolçular əvvəlki formalarından da daha yaxşı çıxış edirlər. Önəmli olan sistemi qorumaqdır. Oyunçular dəyişir, amma sistem dəyişmir.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: