“Benfika”nın prezidenti Ruy Koşta “qartallar”ın 19 yaşlı portuqal dayaq yarımmüdafiəçisi Juan Neveşin PSJ-yə satışını təsdiqləyib.
Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Koştanın bu barədə məlumatını təqdim edir:
“Bəli, hər şey həll edilib. Juanın bizi tərk edəcəyini düşünmək kədərlidir. O, ən yaxşı oyunçu və gözəl insandır. Bu gün biz 70 milyon avro məbləğ dəyərində sövdələşmədən imtina edə bilmərik. Hər şey sadədir, axı biz “yox” deyə bilmərik”, Koşta vurğulayıb.
Dayaq yarımmüdafiəçisi Juan Neveş “Benfika”nın yetirməsidir. “Dayaqçı” “qartallar”ın uşaq komandasından əsas komandaya qədər bütün yolu keçib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Juan Neveş “Benfika”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Neveşin “qartallar”ın heyətində çxışının ümumi mənzərəsi isə belədir: 75 oyun, 4 qol, 3 məhsuldar ötürmə.
Juan Neveş 2023-cü ilin oktyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 19 yaşlı portuqal dayaq yarımmüdafiəçisi Juan Neveşin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


