Bernd Leno “Arsenal”ı “Fulhem”ə dəyişdi

Futbol üzrə Almaniya yığmasının qapıçısı Bernd Leno İngiltərənin “Arsenal” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra Premyer Liqanın digər təmsilçisi “Fulhem”in uğurları üçün çalışacaq.

Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. Alman qolkiper “Fulhem”lə 2+1 illik müqaviləyə imza atıb. “Arsenal” bu transferdən 3.6 milyon avro qazanc əldə edib. Bonuslarla bu məbləğin daha da artması gözlənilir.

Bernd Leno 2018-ci ildən “Arsenal”da çıxış edirdi. Geridə qalan mövsümdə cəmi 8 oyun keçirmiş futbolçu, London klubunda bütövlükdə 125 oyuna çıxıb. O, bu oyunlarda 145 qol buraxıb, 37 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Almaniya yığmasında 9 oyun keçirmiş Leno, əvvəllər öz ölkəsində “Ştutqart” və “Bayer”in uğurları üçün çalışıb.