Fransanın “Reyms” klubunun mərkəz hücumçusu Adama Bojanq icarə müqaviləsi əsasında İsveçrə “Qrasshopper”inə keçib.
Arena.az bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
20 yaşlı futbolçu bu mövsümün sonunadək İsveçrə klubunda icarədə olacaq. “Qrasshopper” gələn ilin yayında Bojanqın transfer hüquqlarını almaq hüququna malik deyil. 20 yaşlı qambiyalı futbolçu icarə müddəti bitən kimi Fransa klubunun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Adama Bojanq Qambiyanın “Stiv Biko” klubunun yetirməsidir. “Reyms” onu ötən ilin avqust ayında heyətinə qatıb. 20 yaşlı forvard “Reyms”in əsas komandasında 11 oyun keçirsə də, fərqlənə bilməyib.
Bu ilin iyun ayında Qambiya yığmasında debüt etmiş Bojanq hələlik 1 oyun keçirib və fərqlənə bilməyib.
Bu yay “Reyms”dən azad agent kimi ayrılmış fransalı yarımmüdafiəçi Benjamin Stambuilinin də yeni klubu müəyyənləşib. 34 yaşlı futbolçu bundan sonra Fransanın digər klubu “Mets”ə keçib. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Benjamin Stambuli “Reyms”ə bu lin fevral ayında Türkiyənin “Adana Dəmirspor” klubundan azad agent kimi ayrılaraq keçmişdi. Təcrübəli dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisinin heyətində 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Stambuli karyerası ərzində “Şalke”, “Monpelye”, “Adana Dəmirspor”, PSJ və “Tottenhem” kimi klubların da şərəfini qoruyub. Yarımmüdafiəçi vaxtilə Fransanın U-21 yığmasında forma geyinsə də, ölkəsinin əsas milli komandasında debüt şansı qazanmayıb.


