Futbol üzrə Braziliya çempionatının qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün 32-ci turdan təxirə salınmış “Baiya” ilə oyunda 3:2 hesablı qələbəyə sevinən “Atletiko Mineyro” vaxtından əvvəl qızıl medalları təmin edib.
Bu nəticədən sonra xallarını 81-ə çatdıran komanda bütün izləyiciləri üçün əlçatmaz olub. Belə ki, sona iki tur qalmış ikinci pillədəki “Flamenqo”nun 70 xalı var. “Palmeyras” isə 62 xalla üçüncü pillədə qərarlaşıb.
Bu, “Atletiko Mineyro”nun tarixində ikinci çempionluğudur. Sözügedən komanda ilk dəfə 1971-ci ildə Braziliya çempionatının qalibi olub. Bir sözlə, ikinci çempionluq düz 50 il sonra gəlib.
113 yaşlı bu klub tarixində bir dəfə də ölkə kubokunu qazanıb. Bu, 2014-cü ildə baş verib. Bundan bir il öncə – 2013-də isə “Atletiko Mineyro” Libertadores Kubokunun ən güclüsü olub.


