2024/2025 mövsümünə hazırlığını Türkiyədə davam etdirən “Neftçi” PFK xorvatiyalı qapıçısı İvan Brkiç ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Ağ-qaralar” 29 yaşlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, 2022-ci ilin yanvarında transfer olunmuş Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib. O, bu oyunlarda 68 qol buraxıb, 28 matçda qapısını toxunulmaz saxlayıb. “Neftçi”nin təcrübəli qapıçı ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda başa çatmalı idi.
İvan daha öncə “Zrinski”, “İstra”, “Çibaliya”, “Riqa”, “İmotski” kimi klubların da şərəfini qoruyub. O, Xorvatiyanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Neftçi” İvan Brkiçdən öncə Ömər Buludov, Rüfət Abbasov, Turan Vəlizadə, Eddi İsrafilov, Reziuan Mirzov, Aqil Məmmədov və Ataa Caberlə də yollarını ayırmışdı. Gedənlərin əvəzində paytaxt klubu hələlik Edvin Kuç (“Ballkani”, Kosovo) və Emil Səfərovu (“Qəbələ”) heyətinə qatıb.


