Kabo Verde millisinin baş məşqçisi Bubişta DÇ-2026-nın qrup mərhələsinin son turunda Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, tarixi uğura imza atdığını bildirib.
Kabo Verde yığması qrup mərhələsinin son turunda Səudiyyə Ərəbistanı ilə qolsuz heç-heçə edərək H qrupunda ikinci yeri tutub və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Bununla da Afrika təmsilçisi həm 2010-cu ildən sonra pley-offa yüksələn ilk debütant, həm də mundial tarixində pley-off mərhələsinə vəsiqə qazanan ən az əhalisi olan ölkə olub.
Bubişta matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bu, bizik? Mən bunu bilmirdim. Əgər belədirsə, deməli, biz göstərdik ki, kiçik ölkələrin də böyük hədəfləri ola bilər. Əsas odur ki, diqqətini məqsədə yönəldəsən, qətiyyətli olasan və nizam-intizamlı çalışasan.
Biz sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Biz yalnız ölkəmizi deyil, həm də Afrikanı və dünyanın bütün kiçik ölkələrini təmsil edirik. Mən həmişə deyirdim ki, gec-tez Kabo Verde belə bir səhnədə olacaq. Dünyaya göstərdik ki, çətinliklərdən qorxmaq lazım deyil.
İndi pley-offdayıq və bu, xalqımız, komandamıza azarkeşlik edən hər kəs, xüsusilə də futbolçular üçün möhtəşəm hadisədir. Oyunçular bütün güclərini ortaya qoydular, xarakter və intizam nümayiş etdirdilər. Bütün bunlar bir araya gələndə belə nəticə əldə olunur”, – deyə Bubişta bildirib.
Mütəxəssis 1/16 finalda Argentina ilə qarşılaşacaq olmalarına da münasibət bildirib:
“Əvvəlcə Argentina ilə oynayacağımız üçün qürur duyuruq. Bu ölkə ilə bizi uzun illərdən gələn bağlar birləşdirir. Amma rəqibin kimliyindən asılı olmayaraq, özümüzü göstərmək istəyirik. Bilirik ki, Argentina millisində dünyanın ən yaxşı futbolçuları çıxış edir və onların heyətində bəzilərinin bütün zamanların ən yaxşısı hesab etdiyi Lionel Messi də var. Buna baxmayaraq, meydana böyük məsuliyyət və inam hissi ilə çıxacağıq”.
“Bu, arzuladığımız nəticə deyildi” – Donis
Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Giorgos Donis isə komandasının mundialdakı çıxışını futbolçular üçün dəyərli təcrübə adlandırıb:
“Qol vəziyyətləri yaratmaq baxımından çox zəif çıxış etdik. Belə oyunla qələbə qazanmaq mümkün deyil. Bu gün ən böyük problemimiz təhlükəli epizodlar yarada bilməməyimiz idi. Hücum xəttimiz istədiyimiz səviyyədə oynamadı.
Bu, arzuladığımız nəticə deyildi. Özümüzə yaxın səviyyədə olan rəqibə qarşı belə çıxış narahatlıq doğurur. Bununla belə, dünya çempionatında keçdiyimiz yol futbolçular üçün yaxşı təcrübə oldu və buna görə onlara təşəkkür edirəm”.


