Türkiyəli funksioner Cenk Sümer “Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub. Bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.
İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəetmə sistemində ad çıxarmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuşdu. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.
Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.
Bununla yanaşı, “Neftçi” PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.
Xatırladaq ki, “Neftçi”yə ötən ilin yayından Fərrux Mahmudov rəhbərlik edirdi. Lakin onun bir illik fəaliyyəti dövründə komandanın uğursuz çıxış etməsi, eləcə də 2023/2024 mövsümünü 5-ci pillədə başa vuraraq avrokuboklardan kənarda qalması bağışlanmayıb. Mahmudov bu yay postundan ayrılaraq yenidən Azərbaycan Basketbol Federasiyasına qayıdıb.


