Niderlandın “Ayaks” komandasının baş məşqçisi Con Heytinqa uğursuz başa çatan mövsümün ardından istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına start verildiyini bəyan edib. Amsterdam təmsilçisinin futbol direktoru Sven Mislintat Heytinqanın istefaya göndərilməsi haqqında klub saytına bunları söyləyib:
“Bu gün Con Heytinqaya qərarımızı söylədim. Onunla bu barədə danışmaq heç də asan olmadı. Con klubun çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək, komandanı çalışdırmağa qərar verdi. O, bu yolda tam gücünü qoydu. Buna görə ona çox minnətdarıq. Çətin dönəm idi. Komanda beşinci pillədə olsa da, mövsümü üçüncü sırada bitirdi. Fikrimizcə, “Ayaks”a hazırda daha təcrübəli baş məşqçi lazımdır”.
Xatırladaq ki, Con Heytinqa futbolçu karyerasına “Ayaks”da başlayıb. O, İspaniya, İngiltərə və Almaniyada legioner həyatı yaşadıqdan sonra yenidən doğma klubuna qayıdıb və peşəkar karyerasını elə Amsterdam təmsilçisində başa vurub. 39 yaşlı mütəxəssis 2016-cı ildən paytaxt təmsilçisində müxtəlif vəzifələrdə çalışırdı. O, bu ilin yanvar ayında əsas komandaya müvəqqəti baş məşqçi təyin olunmuşdu. Heytinqa həmin vaxt Alfred Şröderin istefaya göndərilməsindən sonra bu posta təyin edilmişdi. Con bu müddətdə komandanı 22 oyuna çıxarıb – 14 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət
2022/2023 mövsümünü 69 xalla 3-cü pillədə başa vuran “Ayaks” UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Komanda qarşıdakı mövsümdə Niderlandı Avropa Liqasına təmsil edəcək.
“Ayaks”da bir neçə gün öncə icraçı direktor Edvin van der Sar da postundan ayrılmışdı.


