İngiltərə milli komandasının qapıçısı Cordan Pikford Premyer Liqada mübarizə aparan “Everton” klubu ilə yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 28 yaşlı futbolçunun klubla müddəti 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulan yeni müqaviləyə imza atdığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayına qədər idi.
Xatırladaq ki, Cordan Pikford 2017-ci ilin iyul ayından “Everton”da çıxış edir. Sözügedən klub həmin vaxt onu “Sanderlend”dən 28.5 milyon avroya transfer etmişdi. O, bu komandanın heyətində 222 matça çıxıb, 319 qol buraxıb. Təcrübəli qolkiper 59 matçda da qapısını toxunulmaz saxlamağa nail olub.
İngiltərə millisinin üzvü “Everton” və “Sanderlend”dən başqa, “Bredford Siti”, “Preston Nort End”, “Karlayl Yunayted”, “Darlinqton”, “Barton” və “Olfreton Taun”da da oynayıb. O, milli komandada da 50 oyun keçirib.


