Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubunun heyətində ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF 1-ci Liqanın 2024/2025 mövsümündəki ilk matçını keçirib.
“Bandırmaspor”un yeni mövsümdəki ilk rəqibi “Ərzurumspor” olub. Doğma meydanda baş tutan və beş qolun qeydə alındığı qarşılaşma Coşqunun komandasının 3:2 hesablı qələbəsiylə yekunlaşıb.
Görüşün ilk hissəsi qolsuz bitib. Fasilədən sonra meydan sahibləri hesabı açıblar (54-cü dəqiqə). Amma Ərzurum təmsilçisi 59-cu və 69-cu dəqiqələrdə vurduğu qollarla hesabda önə keçib. Coşqun görüşün 70-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı futbolçunun debütü komandası üçün düşərli olub. Bundan cəmi 1 dəqiqə sonra “Bandırmaspor” hesaba tarazlıq gətirib. 82-ci dəqiqədə isə meydan sahibləri qələbə qoluna da imza atıblar.
Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu bu yay “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Azərbaycan millisinin digər üzvü Vüsal İsgəndərlinin komandası – “Boluspor” da TFF 1-ci Liqanın yeni mövsümündəki ilk matçını keçirib. Bolu təmsilçisi doğma meydanda “İğdır”la qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Vüsal bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb. Amma o, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Vüsal İsgəndərli 2023/2024 mövsümünün ikinci yarısından “Boluspor”un şərəfini qoruyur. O, Türkiyə klubunun heyətində 14 matçda meydana çıxıb. Vüsal İsgəndərlinin “Boluspor”la 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var.


