Coy-Lens Mikels: “Azərbaycan həmişə ikinci vətənim olacaq”

Bu yay “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens Mikels Azərbaycan klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkə hesabında yaydığı vida mesajında “Sabah”ın bəzi rəsmilərindən incidiyini də gizlətməyib:

“Əziz ailəm “Sabah”, kaş, hər şey başqa cür olaydı. Amma həyat bəzən belə gətirir. Sağollaşmaq həmişə çətindir və vidalaşma tərzim təsəvvür etdiyim kimi deyildi. İki il meydanda qan-tər axıtdıqdan sonra bəzi insanlar bu hərəkətimin xoş qarşılanmadığını dedilər. Həmin insanlarla “döyüşmək” fikrində deyiləm. Məni günahkar göstərmək, heç vaxt klubda olmamışam kimi paltardəyişmə otaqlarından və dəhlizdən şəkillərimi çıxarmaq böyük zəiflikdir. Hekayəmi deyə bilmədim, çünki bunu etmək şansım olmadı”.

29 yaşlı hücumçu Azərbaycanı ikinci vətəni adlandırıb: “Bu, həmişə belə də qalacaq. Sizin üçün çox darıxacağam. Çünki mənə heç vaxt unuda bilməyəcəyim ailə bəxş etdiniz. Bu, indiyə qədər keçirdiyim ən yaxşı iki ilim idi. İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz güvənən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada əlimdən gələnin ən yaxşısını etdim. Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir insana çevrildim. Hər birinizə təşəkkür edirəm. Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. “Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik. Heç vaxt “heç vaxt” demə! Sizi sevirəm”.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbah “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: