Almaniyalı sol cinah vingeri Coy Lens-Mikels Azərbaycan təmsilçisi “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanına üz tutub.
Arena.az xəbər verir ki, Azərbaycanda mövsüm başladıqdan sonra Səudiyyə Ərəbistanında sərfəli təklif alan 29 yaşlı futbolçu klub rəhbərliyinin etirazına baxmayaraq, “Sabah”dan ayrılmağa qərar verib.
O, anlaşmada sərbəst olmaq hüququ verən məbləği ödəməklə “Sabah”la 2025-ci ilədək olan müqaviləsini birtərəfli qaydada pozub. Ötən gün Səudiyyə Ərəbistanına üz tutan futbolçunun artıq yeni iş yeri də məlumdur. O, bundan sonra “Əl-Faysal”ın uğurları üçün çalışacaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. İmzalanma mərasimində “Əl-Faysal”ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin də iştirak edib. Mikelsin yeni klubunda azı 500 min dollar qazanacağı bildirilir. Bu isə onun “Sabah”dakı qazancından 2 dəfə çoxdur. Futbolçunun Azərbaycan klubunu da məhz buna görə tərk etdiyi bildirilir.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.
Mönhenqladbah “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların da uğurları üçün çalışıb.


