“Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikels futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündəki qol sayını 17-yə çatdırıb. Arena.az xəbər verir ki, o, ölkə çempionatında 30-cu turun “Qarabağ”la görüşündə (2:1) vurduğu iki topla buna nail olub.
29 yaşlı almaniyalı vinger son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdir. O, 2015/16 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoyub. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.
Qeyd edək ki, Mikelsdən öncə daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.
Coy-Lens Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisində indiyə qədər 60 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 31 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker Norhauzen, “Karl Tseyss” və “Maastrixt” kimi klubların da uğurları üçün çalışıb.


