Darmor: “İngiltərə millisinin oyunlarına baxmaq ürəyi təhlükəyə atır”

Dünya şöhrətli ingilis kardioloq Dorian Darmor AÇ-2024-də iştirak edən İngiltərə yığmasının ürək xəstəlikləri ilə əlaqəsindən danışıb.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, Darmor “üç şir”in oyunlarına baxmağın ürək üçün hansı nəticələrə səbəb ola biləcəyini açıqlayıb:

“Onların oyunlarını izləmək azarkeşlərdə mənfi duyğular, o cümlədən narahatlıq və məyusluq yaradır. Bu da əsəb səviyyəsini artırır və ürəyi təhlükəyə atır. İspaniya yığma komandasının nümayiş etdirdiyi kimi, hücumameylli niyyətlə oynamaq, əksinə, müsbət duyğular oyadır. Bu, digər məqamlarla yanaşı, endorfinlərin axını səbəbindən rifahı yaxşılaşdırır. Müdafiə oyununa baxmaqla azarkeşlərdə bu təsirə nail olmaq mümkün deyil”, deyə kardioloq vurğulayıb.

Beləliklə, azarkeşlər növbəti dəfə “ürəktutma” yaşamaq üçün iyulun 6-da İngiltərə yığmasının AÇ-2024-ün 1/4 final mərhələsində İsveçrə yığması ilə keçirəcəyi oyuna buyuracaqlar.

Maraqlıdır ki, kardioloq Darmor bərbad oyun sonrasında İngiltərə yığmasının nəticə qazanmasının ürəyə təsiri ilə bağlı məqama toxunmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: