DÇ-2022: Xorvatiya və Argentina penaltilərlə yarımfinalda!

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında turnirin əsas favoritlərindən hesab olunan Braziliya millisi Xorvatiya yığmasını sınağa çəkib. İngiltərəli FİFA referisi Maykl Oliverin idarə etdiyi oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. İlk 90 dəqiqə qolsuz, əlavə vaxt isə 1:1 hesabıyla yekunlaşıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən xorvatlar sürpriz şəkildə Braziliya yığmasını mundialdan kənarda qoyublar.

Günün digər matçı isə Niderland və Argentina yığmaları arasında baş tutub. “Lusail” stadionunda keçirilən görüşü ispaniyalı hakim Migel Mateu Laos idarə edib. Bu qarşılaşma daha dramatik alınıb. Argentinalılar 2:0 öndə olduqları qarşılaşmanın sonlarında bu üstünlüyü əldən veriblər. Hətta bərabərlik qolu son saniyələrdə – matça əlavə olunmuş 11-ci dəqiqədə vurulub. Bu üzdən əlavə vaxt təyin olunub. Lakin əlavə vaxtda hesab dəyişməz qalıb. Nəticədə günün ikinci qalibi də penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi yarımfinalda Xorvatiya ilə oynamaq hüququ qazanıb.

1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
1/4 final
9 dekabr

Xorvatiya – Braziliya 1:1 (penaltilər 4:2)
Qol: Bruno Petkoviç, 117 – Neymar, 105+1.
Baş hakim: Maykl Oliver (İngiltərə).
“Edukeyşn Siti” stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 7. Lukas Paketa, 9. Rişarlison, 10. Neymar, 11. Rafinya, 14. Eder Militao, 20. Vinisius Junior.

Niderland – Argentina 2:2 (penaltilər 3:4)
Qol: Vaut Veqhorst, 83; 90+11 – Nahuel Molina, 35. Lionel Messi, 73-pen.
Baş hakim: Migel Mateu Laos (İspaniya).
“Lusail” stadionu.

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 7. Stiven Berqveyn, 8. Kodi Qakpo, 10. Memfis Depay, 15. Marten De Roon, 17. Deyli Blind, 21. Frenki De Yonq, 22. Denzel Dumfris.
Argentina: 23. Emiliano Martines, 7. Rodriqo De Paul, 8. Markos Akunya, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makallister, 24. Entso Fernandes, 25. Lisandro Martines, 26. Nahuel Molina.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: