DÇ-2026-nın İngiltərə və Norveç yığmaları arasında keçirilməsi planlaşdırılan 1/4 final oyunu daha gec vaxta təxirə salına bilər.
Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, iyulun 12-də Mayamidə (Florida, ABŞ) keçirilməsi nəzərdə tutulmuş oyunun əlverişsiz hava şəraiti səbəbindən daha gec vaxta təxirə salınması gündəmdədir.
Görüşün nəzərdə tutulan vaxtda başlamasına ekstremal istilər və yüksək rütubət mane ola bilər. Sinoptiklər havanın faktiki temperaturunun 34 dərəcə, hiss olunan temperaturun isə 43 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Bundan əlavə, ildırımlı leysan ehtimalı da yüksək qiymətləndirilir.
FIFA-nın qaydalarına əsasən, ildırım təhlükəsi yarandığı halda matçın başlanması və ya davam etdirilməsi təhlükəsizlik məqsədilə ən azı 30 dəqiqə təxirə salına bilər.
Hələlik qarşılaşmanın vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi qərar verilməyib.
Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.


