Dieqo Kosta irqçiliyə dair “ispan qonaqpərvərliyi”ndən danışdı

Hücumçu Dieqo Kosta ötən mövsüm “Real”ın hücumçusu Vinisius Juniorun İspaniyada tez-tez qurbanına çevrildiyi irqçilik problemindən danışıb.

Arena.az “Relevo”ya sitinadən Dieqo Kostanın bu xüsusda fikrlərini diqqətinizə çatdırır:

“Vinisiusla əlaqədar vəziyyətlə bağlı fikir hasil etmək çox çətindir. Yadımdadır ki, İspaniyaya gələndə rəqiblərimin mənə dediklərini eşitdim: “Öz ölkənə sürüş”, “Acından gəbər”, “Nəciskar meymun”… Mən başa düşürdüm ki, bu, məni oyun tarazlığından çıxarmalı idi, amma bunu eşidən insanların çox ağrıdığını bilirəm.

Vinisius qaradərilidir. Əhvalat tamamilə başqadır, irqçilik çoxdan var, insanlar buna görə çox əziyyət çəkiblər, onlara çox ağrılıdır. Çox adam deyir ki, sən bundan keçməlisən, amma bu, doğru deyil. Bu, bəziləri ilə işləyir, məsələn, mənim üçün daha asan oldu. Amma heç kim onların nə yaşadıqlarını başa düşmür, itlər daha yaxşı yaşayıblar. Bu ağrıları ancaq onlar başa düşürlər.

Vinisiusun mübarizə etmək üçün səbəbləri var. Bütün bunlar olub, insanlar ona nə qədər pis olduğunu, heç bir şey bacarmadığını deyiblər… Və görün bu gün o, necədir, o, heç nəyə asanlıqla nail olmayıb. Onun bərabərlik istəməsi üçün hər cür əsası var”, deyə Dieqo Kosta bildirib.

Özünün sərt oyunu, kobud davranışı ilə səciyyəvi olan braziliyaəsilli ispaniyalı mərkəz hücumçusu Dieqo Kostanın futbolçu karyerasının ən məhsuldar dövrü Madrid “Atletiko”su və “Çelsi”nin adı ilə bağlıdır.
Braziliya yığmasının heyətində iki yoldaşlıq oyununda iştirak etmiş Dieqo Kosta sonradan İspaniya vətəndaşlığı alaraq, İspaniya yığmasının heyətində çıxış etməyə başlayıb. Hücumçunun bu addımı o zaman Braziliya futbol ictimaiyyəti tərəfindən mənəviyyatsızlıq olaraq qiymət almışdı.

Geridə qalmış 2022/2023 mövsümünü Dieqo Kosta “Vulverhempton”da keçirib, “canavarlar”ın heyətində 25 oyuna çıxıb, 1 qol vurub. O, cari ilin iyul ayının 1-dən azad agent statusundadır.

“Transfermarkt” internet-portalı 34 yaşlı Dieqo Kostanı 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: