Dieqo Luqano: “FIFA Argentinaya çempion olmaqda yardım etdi”

Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Luqano FIFA-nı DÇ-2022 zamanı Argentina yığmasına çempionluq yolunda yardımda ittiham edib. Arena.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu “Futbol por Carve” nəşrinə açıqlamasında kifayət qədər ciddi ittihamlar dilə gətirib.

O, dünyanın ali futbol qurumunun argentinalı hücumçu Lionel Messi amilindən maksimum yararlandığını vurğulayıb:

“FIFA Qətərdəki mundialda Argentina yığmasına çempion olması üçün yardım etdi. Buna qətiyyən şübhə etmirəm. Çünki bu, bir həqiqətdir. FIFA rəsmiləri Lionel Messidən necə yararlanacaqlarını çox yaxşı bilirdilər. Argentina yığmasının qazandığı beş penaltidən bəzisinin yanlış qərar olduğunu düşünürəm”.

Xatırladaq ki, Dieqo Luqano vaxtilə Uruqvay milli komandasında 95 matça çıxıb, 9 qola imza atıb. Keçmiş mərkəz müdafiəçisi karyerası ərzində “Nasional”, “Plaza Koloniya”, “San Paulo”, PSJ, “Malaqa”, “Vest Bromviç”, “Haken”, “Serro Porteno” kimi klubların formasını geyinib. O, 2006-2011-ci illər aralığında isə Türkiyənin “Fənərbaxça” klubunun uğurları üçün çalışıb.

Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa yığması üzərində çətin qələbə sayəsində çempion olub. Əsas və əlavə vaxtı 3:3 hesabıyla bitən matçın qalibi penaltilər seriyasına müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən cənubi amerikalılar 36 il sonra dünya çempionu adını qazanıblar. Fransanın PSJ klubunda forma geyinən Lionel Messi isə vurduğu 7 qolla çempionluqda əsas pay sahiblərindən biri olub. O, bombardirlik yarışında yalnız PSJ-dəki komanda yoldaşı, Fransa millisinin hücumçusu Kilian Mbappedən geri qalıb – 8 qol.