“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalo Portuqaliya yığmasındakı komanda yoldaşı Kristiano Ronaldo ilə zarafatlaşıb.
Arena.az məlumat verir ki, o, sosial şəbəkə hesabında AÇ-2024-ün seçmə mərhələsinin oyunları üçün onunla birlikdə Portuqaliya yığmasının düşərgəsinə çağırılmış “Əl-Nəsr”in hücumçusunu zarafatyana ələ salıb.
Dioqo Dalo Kristiano Ronaldonun yanında oturub və smartfonuna baxan Kristianonun fotosunu paylaşaraq bu sözləri dərc edib: “Bu yeni nəsil həmişə telefondadır”.
Xatırladaq ki, oktyabrda Portuqaliya yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Bu gün – oktyabrın 13-də Portuqaliya yığması evdə Slovakiyanı qəbul edəcək. Oktyabrın 16-da isə Roberto Martinesin yetirmələri Bosniya və Herseqovina yığmasının qonağı olacaqlar.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi 6 oyundan sonra Portuqaliya yığması 18 xalla J qrupunun vahid lideridir.



