Dmitri Litvin “Səbail”də – Rəsmi

Ukraynalı mərkəz müdafiəçisi Dmitri Litvin bundan sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. “Dənizçilər” ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib. 27 yaşlı futbolçu yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olan Dmitri Litvin 2022-ci ilin noyabrından formasını geyindiyi bu komandanı bu yay azad agent kimi tərk edib. O, “Lusitaniya”da 36 oyun keçirib. Karyerasına Xarkov “Metallist”ində başlamış Litvin “Aveş”, “Fafe”, “Real” (Keluş), “Zarya”, “Olimpik” (Donetsk), “Akron”, “SKA-Xabarovsk”, “Klaksvik” kimi klubların da formasını geyinib. Ukraynanın U-21 yığmasında oynamış müdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

“Səbail” Litvindən öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”) və Amir Bilalini (“Qostivar”, Şimali Makedoniya) də heyətinə qatmışdı.

Paytaxt klubu Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalayıb.

Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə paytaxt təmsilçisini tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: