Braziliya millisinin baş məşqçisi Dorival Junior “selesao”nun 2026-cı il dünya çempionatının finalına yüksələcəyinə inanır.
Arena.az 62 yaşlı braziliyalı mütəxəssisin müvafiq xüsusda fikrini təqdim edir:
“Biz 2026-cı il dünya çempionatının finalında olacağıq. Biz finalçı olacağıq. Mən bunu deyərkən siz məni çəkib göstərə bilərsiniz. Orada olacağımıza şübhəm yoxdur”, deyə Dorival qətiyyətlə vurğulayıb.
Futbol üzrə 2026-cı il dünya çempionatı 3 ölkədə – ABŞ, Meksika və Kanadada keçiriləcək.
Braziliya Futbol Konfederasiyası (CBF) cari ilin yanvar ayının 10-da Dorival Juniorun “selesao”ya baş məşqçi təyin edildiyini açıqlayıb.
Xatırladaq ki, DÇ-2022-də Braziliya millisi yarışın 1/4 finalında Xorvatiya yığmasına penaltilər silsiləsində məğlub olaraq, mübarizəsinə xitam vermişdi (əsas və əlavə vaxt 1:1, penaltilərlə 2:4).
DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsində keçirdiyi 8 oyundan sonra Braziliya millisi 10 xal toplayıb və dünya çempionatına birbaşa vəsiqə verən 5-ci pillədə qərarlaşıb.