Dorival Junior: “Neymar millidə yer almağa layiqdir”

Braziliya millisinin baş məşqçisi Dorival Junior “Əl-Hilal”ın ulduz hücumçusu Neymarın “selesao”ya mümkün qayıdışından danışıb.

Arena.az “Goal” dərgisinə istinadən, braziliyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Neymarın milliyə qayıdışı? Bu, bizim əsas məqsədlərimizdən biridir. Neymar çox vacib oyunçudur, dünya futbolunun ən görkəmlilərindən biridir. Onun zədəsinin tezliklə sağalacağına ümidvarıq. O, heç olmasa keçmiş xidmətləri sayəsində millidə yer alacağına arxalana bilər”, deyə Dorival Junior vurğulayıb.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) aldığı ağır zədədən sonra futbola qayıtmağa hazırlaşır. Cərrahi əməliyyatdan uğurla çıxmış futbolçu hazırda çətin bərpa prosesi keçir və artıq məlum olduğu kimi, meydana qayıtmaq yolunda ilk addımını atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: