Braziliya millisinin baş məşqçisi Dorival Junior “Real”ın braziliyalı hücumçusu Vinisius Junioru növbəti “Qızıl top”un qalibi görür.
Arena.az AS dərgisinə istinadən, 62 yaşlı Braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Vinisius bu mövsüm etdiyi hər şeydən sonra “Qızıl top”u qazanmasa, bu, böyük gözlənilməzlik olacaq”, deyə Dorival bildirib.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 23 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 263 oyun, 82 qol, 75 məhsuldar ötürmə.
“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


