Ederson Moraes Premyer Liqada yeni rekorda imza atdı

İngiltərə Premyer Liqasının 25-ci turunun “Nyukasl”la ev oyunu “Mançester Siti”nin qapıçısı Ederson Moraes üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, braziliyalı qolkiper məhsuldar ötürmələrin sayına görə İngiltərə Premyer Liqasında rekorda imza atıb.

O, “Nyukasl”la oyunda “şəhərlilər”in heyətində debüt qolunu vuran misirli hücumçu Ömər Marmuşa məhsuldar ötürmə verib. Marmuş daha sonra əlavə iki qol vuraraq het-trik müəllifi də olub.

Bu, Edersonun Premyer Liqada 6-cı məhsuldar ötürməsi olub. Əvvəlki rekordçu 5 məhsuldar ötürmə ilə İngiltərə yığmasının keçmiş qapıçısı Pol Robinson idi.

Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkmiş braziliyalı qapıçını “Mançester Siti” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. Edersonun “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ederson cari mövsümdə “Mançester Siti”nin heyətində 25 oyuna çıxıb, 38 qol buraxıb, 6 oyundan “quru” qurtulub.

Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 357 oyun, 295 buraxılmış qol, 161 “quru” oyundan ibarətdir.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 29 oyuna 21 qol buraxıb, 13 təmiz oyun keçirib. Edersonun “selesao”nun heyətində bu qədər az oyun keçirməsinin də səbəbi var. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçısı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: