Elnur Cəfərov “Kəpəz”lə müqavilə bağladı

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Kəpəz”də yarımmüdafiəçi Elnur Cəfərov da yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı sağ cinah vingeri ilə 1+1 illik sözləşmə imzalanıb.

Elnur “Kəpəz”ə bu ilin fevralında “Qaradağ”dan azad agent kimi keçib. Lakin o, Gəncə klubunun əsas komandasında forma geyinməyib.

“Xəzər Lənkəran”ın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Elnur Cəfərov sonradan Portuqaliyanın “Tondela”, Xorvatiyanın “Duqopolye” klublarında legioner həyatı yaşayıb. O, “Neftçi”, “Keşlə” və “Sumqayıt”da da forma geyinib. Yarımmüdafiəçi 2020-ci ildən “Qaradağ Lökbatan”da çıxış edirdi. O, Azərbycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, hətta əsas millimizdə də 1 oyun keçirib.

“Kəpəz” daha öncə Elçin Əlicanov, Yeqor Xvalko, Tural Rzayev, Kamran İbrahimov və Mate Krivkviya ilə də yeni müqavilə bağlamışdı.

Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç, Orxan Sadıqlı, Georgi Kantariya, Ahmed Ayzaya, Nicat Süleymanov və Zamiq Əliyev isə bu komandanı tərk ediblər.

Əvəzində Vurğun Hüseynov, Əli Səmədov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa, Bəxtiyar Həsənalızadə və Vladislav Vasilyuçek transfer olunub. “Kəpəz” “Qəbələ”dən Rüfət Əhmədovu, “Səbail”dən Elmir Tağıyevi də icarəyə götürüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: