Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü, “Neftçi”nin yetirməsi olan Elşən Abdullayev özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Birinci Liqa təmsilçisi “İmişli”nin formasını geyinəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmasa da, sözləşmənin bu mövsümün sonuna kimi nəzərdə tutulduğu ehtimal olunur.
Xatırladaq ki, Elşən Abdullayev bu mövsümə Birinci Liqanın digər təmsilçisi “İrəvan”da başlamışdı. Lakin bu klubdan ayrılan sağ cinah vingeri karyerasını “İmişli”də davam etdirməyə qərar verib.
Abdullayev karyerasına yetirməsi olduğu “Neftçi”də başlayıb. O, daha sonra “Sumqayıt”, “Qarabağ”, “Zirə”, “Sabah”, “Səbail” kimi klublarda da forma geyinib. Elşən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında da oynayıb.
“İmişli” sağ cinah müdafiəçisi Xəyyam Hüseynovu da heyətinə qatıb. 21 yaşlı futbolçu daha öncə “Şamaxı”, “Turan Tovuz” və “Zaqatala” kimi klublarda forma geyinib. Onunla da müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, “İmişli” daha öncə İbrahim Əliyev və Xəqani Sadıxovu heyətinə qatdığını açıqlamışdı. İlyas Səfərli, Ziya Məmmədov, Emin Quliyev, Məzahir Əhmədov, Tonia Tisdell və Fərid Nadirov isə bu qış fasiləsində komandanı tərk ediblər.


