Esekyel Lavessi dəlixanadakı həyatı haqda danışdı

Argentina yığmasının keçmiş hücumçusu Esekyel Lavessi Buenos-Ayres psixiatrik xəstəxanasına yerləşdirildikdən sonra vəziyyəti haqda danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat spirtli içki aludəçiliyi və bundan doğan fəsadlar səbəbindən həkim nəzarətinə götürülmüş Lavessini daha çox oğlunun taleyi qayğılandırır:

“Əvvəllər Buenos-Ayresdəki başqa bir klinikada özümü təmizləməyə çalışdım, amma buna müvəffəq olmadım. Başqa seçimim yox idi. Çətindir, amma bunu etməli idim. Həyatımı və vərdişlərimi dəyişməliyəm. Oğlum üçün əlimdən gələni etməliyəm. Mən lap ağını çıxarmışam”, deyə Lavessi bildirib.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Lavessinin qardaşı ilə münaqişə zəminində aldığı bıçaq yarası ilə xəstəxanaya aparıldığı barədə məlumatlar yayılmışdı. Daha sonra məlumat ortaya çıxdı ki, qardaşı qadağan edilmiş maddələr və spirtli içki qəbul etdiyi üçün qeyri-dürüst vəziyyətdə olan Esekyeli sakitləşdirməyə çalşan zaman qəza baş verib.

Esekyel Lavessi “Kolonel Agirre”, “Rosario Sentral” və “Estudiantes”in futbol məktəblərində yetişib. Daha sonra “Estudiantes”in heyətində böyük futbolda debüt edib. Ardınca Lavessi “Cenoa”, “San-Lorenso”, “Napoli” və PSJ-də çıxış edib. 2016-2019-cu illərdə isə Çinin “Hebey Çayna Forçun” komandasında oynayıb və burada da butslarını asılqandan asıb.

Lavessi 2007-2016-cı illərdə Argentina yığmasının heyətində 51 oyun keçirib, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Lavessi “albiseleste” ilə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında futbol yarışının qızıl medalını qazanıb. Lavessi həmçinin 2014-cü il dünya çempionatının, 2015-ci və 2016-cı illər Amerika Kubokunun gümüş mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: