Argentina yığmasının sabiq hücumçusu Esekyel Lavessi ruhi-əsəb xəstəxanasının psixatriya şöbəsinə yerləşdirilib.
Arena.az bu barədə “Marca” nəşrinin argentinalı jurnalist Estefi Berardiyə istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, Lavessi qadağan edilmiş maddələrin istifadəsi ilə bağlı fəsadlar yaşadığından müvafiq xəstəxanaya yerləşdirilib. Həmçinin bildirilir ki, Lavessi ailəsi də futbolçunun psixotrop dərmanlarla fəsadları olduğunu təsdiqləyib.
Esekyelin dekabr ayında baş vermiş ailə münaqişəsinin təfərrüatı da ortaya çıxıb. O vaxt futbolçu ailə-məişət mübahisəsi zəminində bıçaqlanmış, nəticədə qarın boşluğunun deşilmiş-kəsilmiş yarası və körpücük sümüyünün sınığı ilə xəstəxanalıq olmuşdu. Onda futbolçunun yaxınları bu məlumatı təkzib edərək, onun işıq lampasını dəyişərkən nərdivandan yumalandığını bildirmişdilər.
“Qəfildən Lavessi çox əsəbiləşib. Başında səslər eşitməyə başlayıb və düşünüb ki, onu izləyirlər və çox qorxub. Bundan sonra o, özünü o qədər pis hiss edib ki, Esekyel qayçıya əl atıb və onunla özünə xətər yetirməyə çalışıb. Qardaşı onu sakitləşdirməyə cəhd edib. Onun, qardaşı ilə heç bir mübahisəsi olmayıb. Qardaşı bu vəziyyəti nizamlamağa çalışıb, amma nəticədə Lavessinin körpücük sümüyü sınıb”, – jurnalist Estefi Berardi bu münaqişə haqda belə deyib.
Esekyel Lavessi “Kolonel Agirre”, “Rosario Sentral” və “Estudiantes”in futbol məktəblərində yetişib. Daha sonra “Estudiantes”in heyətində böyük futbolda debüt edib. Ardınca Lavessi “Cenoa”, “San-Lorenso”, “Napoli” və PSJ-də çıxış edib. 2016-2019-cu illərdə isə Çinin “Hebey Çayna Forçun” komandasında oynayıb və burada da butslarını asılqandan asıb.
Lavessi 2007-2016-cı illərdə Argentina yığmasının heyətində 51 oyun keçirib, 9 qol vurub, 12 məhsuldar ötürmə verib. Lavessi “albiseleste” ilə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında futbol yarışının qızıl medalını qazanıb. Lavessi həmçinin 2014-cü il dünya çempionatının, 2015-ci və 2016-cı illər Amerika Kubokunun gümüş mükafatçısı olub.


