Premyer Liqa təmsilçisi “İmişli”nin yollarını ayırdığı qanalı yarımmüdafiəçi Ezekiel Morqan bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, 2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Ezekiel Morqanı heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Morqan ötən mövsüm “İmişli”nin heyətində Premyer Liqada 31 qarşılaşmada meydana çıxıb, 1 qol vurub və 1 qol ötürməsinə imza atıb. O, ötən ilin yayından “İmişli”də oynayırdı. Yarımmüdafiəçi əyalət təmsilçisinin heyətində bütövlükdə 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Ezekiel daha öncə ölkəsində “Tudu Mayti Jets” klubunda çıxış edib. 2023-cü ildən Azərbaycanda olan dayaq yarımmüdafiəçisinin ölkəmizdə ilk ünvanı “Kəpəz” olub. Amma Gəncə klubu onu elə həmin il “İmişli”yə icarəyə verib. Morqan bir mövsüm “Karvan”da da icarədə olub.


