Fernando Santos: “Haitiyə qalib gəlməyə çalışacağıq”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santos Haiti yığması ilə yoxlama oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, millimiz sabah Sumqayıt şəhərində Haiti yığmasını qəbul edəcək.

Bu gün oyundan öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Fernando Santos ilə yanaşı, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə də iştirak edib.

Portuqal mütəxəssis əvvəlcə bunları söyləyib: “Sabah kimlərin oynayacağı artıq məlumdur. Qərarlaşdırmışam. Amma bunu indi açıqlamayacağam. Bəzi oyunçular start heyətində olacaqlarsa, bəziləri ehtiyat oyunçular skamyasında qalacaq”.

Fernando Santos rəqib komanda – Haiti yığması barədə də fikirlərini bölüşüb:

“Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 matçını izləmişik. Hər bir komanda kimi onların da müsbət və mənfi cəhətləri var. Hamısını analiz etmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri “Kayserispor”da, digəri AEK-də çıxış edir. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından zəif nöqtələri var, burada açıqlamayacağam. Bunun üzərində dayanmağa çalışacağıq”.

Portuqal mütəxəssis millidəki ab-havadan da söhbət açıb: “Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoxlama matçı kimi qəbul olunmur. Düzdür, bu oyuna görə xal verilmir. Milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir. Kollektiv şəkildə daha güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteri belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəniz, uyğun olardı. Futboldur, hamısı rəqabətə hazır olmalıdır”.

“Azərbaycanda çempionatın oyunlarına az adam gəlir” – Fernando Santos

Fernando Santos Azərbaycanın milli bayramı – Novruz Bayramından da söz açıb:

“Bayram haqda məlumatım çoxdur. Azərbaycan çox yaxşı ölkədir. Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Azərbaycan çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq olur. Dünən də şəxsən özüm hamını təbrik etmişəm. Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Amma Avropada çıxış edən komandaların matçına daha çox adam gəlir. Son olaraq daha çox azarkeşin gəldiyi oyun “Neftçi” – “Qarabağ” görüşü idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər”.

“Milliyə yeni gələnlərin hər biri həvəslidir”

Bəhlul Mustafazadə isə Haiti yığması ilə oyundan öncə bunları söyləyib:

“Haiti millisi bizə tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir. Ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik. Milliyə yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Milli formanı geyinməyi çox istəyirlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.

Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: