Futbol üzrə Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki, Santosun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Fernandos Santos 2014-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında 109 oyuna çıxıb. Portuqaliya millisi bu görüşlərdə 67 qələbə qazanıb, 23 heç-heçəyə nail olub, 19 görüşdə isə məğlubiyyətə üzülüb. Santoslu Portuqaliya millisi AÇ-2016-nın və 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub. Hazırda Qətərdə keçirilən DÇ-2022-də isə portuqaliyalılar 1/4 finalda Mərakeş millisinə uduzaraq mübarizəni dayandırıblar.
Portuqaliyadan olan 68 yaşlı mütəxəssis daha öncə Yunanıstan yığmasının da baş məşqçisi olub. O, həmçinin “Eştoril”, “Estrela da Amadora”, “Portu”, AEK, “Panatinaikos”, “Sportinq”, “Benfika”, PAOK kimi klublarda işləyib.
Portuqaliya yığmasının baş məşqçisi postuna əsas namizəd isə Joze Mourinyodur. Xarici mətbuatın iddiasına görə, hazırda İtaliyanın “Roma” klubunda çalışan portuqaliyalı mütəxəssis vətənindən təklif alıb. Amma onun “canavarlar”la müqaviləsi olduğundan düşünmək üçün vaxt istəyib. Federasiya onun yaya kimi iki vəzifədə paralel çalışmağına da razıdır. Bu məsələyə İtaliya klubunun necə yanaşacağı Mourinyonun taleyi baxımından həlledici olacaq. Çünki məşqçi ilə müqavilə 2024-cü ilin yayınadək nəzərdə tutulub. Razılıq olsa, o, mövsüm bitən kimi postunu tərk edib birdəfəlik milliyə gedəcək. Bu baş tutsa, Portuqaliya Futbol Federasiyası “Roma”ya təzminat ödəməlidir. Hətta Fernando Santosa da müəyyən qədər təzminatın ödəniləcəyi iddia edilir.


