FIFA Braziliya – Argentina oyunu ilə bağlı intizam işi açdı

FIFA DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Braziliya – Argentina oyunundan sonra hər iki tərəfə qarşı intizam işi açıb.

Arena.az xatırladır ki, Rio-de-Janeyrodakı məşhur “Marakana” stadionunun tribunalarında baş vermiş iğtişaşlarla əlaqədar Braziliya – Argentina oyunu təxminən yarım saat gecikmə ilə başlayıb.

Argentina Futbol Assosiasiyası (AFA) tribunalarda iğtişaşlar yaratmaqda və oyunun başlanmasını gecikdirməkdə ittiham edilir. Braziliya Futbol Konfederasiyası (CBF) FIFA-nın təşkil etdiyi oyunun təhlükəsizliyini təmin etməməkdə ittiham edilib. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası müvafiq işlərə baxılacağı və sanksiyaların tətbiq ediləcəyi tarixləri açıqlamayıb.

Oyun başlamazdan əvvəl himnlər səsləndirildiyi zaman azarkeşlər arasında tribunalarda dava-dalaş başlayıb. Argentinalı azarkeşlər təxribatçı şüarlar səsləndiriblər və müvafiq fəaliyyətlərə yol veriblər. Komandalar – əvvəlcə, Argentina yığması, paltardəyişmə otaqlarına qayıdıblar və oyun 27 dəqiqə gec başlayıb. Gecikmə ilə başlanmış oyun Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Braziliya və Argentina komandaları növbəti dəfə iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək 2024-cü il Amerika Kubokunda qarşılaşa bilərlər.

Cənubi Amerika zonasının 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunları isə gələn ilin sentyabr ayında təqvim üzrə davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: