Dünya çempionatının (DÇ-2026) 1/8 finalında Meksikaya qarşı keçirdikləri oyun İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli hücumçu bu oyunda vurduğu qolla dünya futbolu tarixinə daha iki rekord əlavə edib.
32 yaşlı forvard mundialların pley-off mərhələsindəki qol sayını 6-ya çatdıraraq İngiltərə millisinin əfsanəvi hücumçusu Qari Linekerin rekordunu təkrarlayıb. İngiltərə yığmasının tarixində indiyədək dünya çempionatlarının pley-off oyunlarında bundan çox qol vuran futbolçu olmayıb.
Meksika ilə görüşdə fərqlənən Keyn dünya çempionatları tarixində ümumi qol sayını isə 14-ə yüksəldib. Bununla o, Fransa millisinin əfsanəsi Jüst Fonteni geridə qoyaraq bombardirlər siyahısında ilk beşliyə yüksəlib və Almaniya millisinin sabiq hücumçusu Gerd Müllerin göstəricisinə şərik çıxıb.
Hazırda dünya çempionatları tarixinin ən məhsuldar futbolçuları bunlardır:
Lionel Messi – 20 qol
Kilian Mbappe – 19 qol
Miroslav Kloze – 16 qol
Ronaldo Nazario – 15 qol
Harri Keyn, Gerd Müller – hərəyə 14 qol
Keyn 2023-cü ilin yayından Almaniyanın “Bayern” klubunda çıxış edir. O, bundan əvvəl uzun illər İngiltərənin “Tottenhem” klubunun formasını geyinib.
85 qolla İngiltərə millisinin tarixinin ən yaxşı bombardiri olan Keyn 2018-ci il dünya çempionatında 6 qolla turnirin ən məhsuldar futbolçusu seçilmişdi.


