Futbol üzrə İngiltərə yığmasının mərkəz hücumçusu Harri Keyn milli komandada keçirdiyi oyunların sayına görə rekorda şərik olub.
Arena.az xəbər verir ki, 33 yaşlı forvard bu göstəriciyə Çexiya ilə UEFA Millətlər Liqasının qrup mərhələsinin ev oyununda çatıb.
Bu görüş Keynin İngiltərə millisində 125-ci matçı olub. Bununla da o, əvvəllər rekordun yeganə sahibi olan sabiq qapıçı Piter Şiltona çatıb.
Keyn 2023-cü ilin yayından Almaniyanın “Bayern” klubunda çıxış edir. İngiltərə millisinin kapitanı Münhen təmsilçisi ilə iki dəfə Almaniya çempionu və Almaniya Super Kubokunun qalibi olub, həmçinin bir dəfə ölkə kubokunu qazanıb. O, 2024/2025 və 2025/2026 mövsümlərində Avropanın əsas çempionatlarında ən çox qol vuran futbolçu kimi “Qızıl buts” mükafatına yiyələnib.
Harri Keyn 89 qolla İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur. O, 2021 və 2024-cü illərdə Avropa çempionatının gümüş medalını qazanıb. Hücumçu dünya çempionatlarında 14 qolla ən yaxşı bombardirlər arasında ilk beşlikdə yer alır. 2018-ci ildə keçirilən mundialda 6 qolla turnirin bombardiri olub.
77 yaşlı Piter Şilton peşəkar karyerasını 1966–1997-ci illərdə keçirib. O, İngiltərənin “Nottingem Forest” klubu ilə ölkə çempionluğu, iki dəfə Avropa Çempionlar Kuboku və UEFA Super Kubokunu qazanıb. Şilton İngiltərə millisinin heyətində 1982, 1986 və 1990-cı illərdə dünya çempionatlarında iştirak edib. 1990-cı ildə ingilislər mundialı dördüncü pillədə başa vurublar.


