Harri Keyn – İngiltərə millisində yeni rekordçu!

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş İtaliya ilə oyun İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub. Arena.az xəbər verir ki, təcrübəli hücumçu İngiltərə milli komandasının tarixinə düşüb.

Ulduz futbolçu buna İtaliya yığmasının qapısına yol tapmaqla nail olub. Görüşün 44-cü dəqiqəsində penaltidən fərqlənən Keyn, millidə vurduğu qolların sayını 54-ə çatdırıb. Bununla da o, İngiltərə yığmasının ən yaxşı bombardirinə çevrilib.

Xatırladaq ki, bundan əvvəlki rekord Ueyn Runiyə məxsus idi. Hazırda ABŞ-da “Di Si Yunayted” komandasının baş məşqçisi olan keçmiş hücumçu vaxtilə İngiltərə yığmasında 53 qola imza atıb.

Qeyd edək ki, 29 yaşlı Harri Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matç keçirib. “Tottenhem”in şərəfini qoruyan təcrübəli hücumçu vaxtilə icarə əsasında “Leyton Orient”, “Milluol”, “Norviç Siti” və “Lester Siti” kimi klublarda da icarədə oynayıb. O, London klubunda 425 oyun keçirib, 271 qol vurub, 63 məhsuldar ötürmə müəllifi olub.

İtaliya ilə oyun İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt üçün də əlamətdar olub. O, milli komandaya ən azı 50 qələbə qazandırmağı bacaran üçüncü baş məşqçi olub. Daha öncə bunu Uolter Uinterbottom və Alf Ramsey bacarmışdı.

İtaliya yığmasında da 29 il sonra bir ilk qeydə alınıb. Belə ki, bu komanda uzun fasilədən sonra ilk dəfə heyətində “Yuventus”un futbolçularından heç kimin olmadığı bir oyun keçirib. Sözügedən komanda sonuncu dəfə “Yuventus”un futbolçularının yer almadığı oyunu AÇ-1994-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirib. Həmin vaxt italyanlar bu səfər matçından Kristian Panuççi və Pyerluici Kaziraqinin vurduğu qollar sayəsində 2:0 qalib ayrılmışdılar.

Xatırladaq ki, İngiltərə millisi İtaliya ilə səfər matçından 2:1 hesablı qələbə ilə ayrılıb. Qonaqların digər qolunu 13-cü dəqiqədə Deklan Rays vurub. İtaliya yığmasında isə Mateo Reteqi (56) fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: