“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynin Avropa çempionatının oyunlarında iştirakı təhlükə altında deyil.
Arena.az bu barədə jurnalist Florian Plettenberqə istinadən məlumat verir.
Mənbənin əldə edib təqdim etdiyi məlumata görə, ingilis futbolçu bel nahiyəsində yaranmış fəsadlara görə xüsusi müalicə alır. Keyn Almaniyanı tərk edib və AÇ-2024-ün oyunlarına hazırlaşmaq niyyətindədir.
Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-də ilk oyununu iyunun 16-da Serbiya yığmasına qarşı keçirəcək.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 12 məhsuldar ötürmə verib.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
İngilis hücumçu 2023/2024-cü illər mövsümü Almaniya Bundesliqasının 36 qolla (32 oyun) ən sərrast futbolçusu olub. Keyn 2024-cü il “Qızıl buts” mükafatına əsas namizəddir.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


