Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının qrup mərhələsinin son turunda İran yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, komandasının dünya çempionatının pley-off mərhələsinə yüksəlməsindən sonra ölkə azarkeşlərini təbrik edib.
DÇ-2026-nın qrup mərhələsinin son turunda Misir və İran yığmaları arasında keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə Misir millisinin 1/16 finala yüksəlməsi üçün kifayət edib. Afrika təmsilçisi növbəti mərhələdə Avstraliya ilə qarşılaşacaq.
Hossam Hassan matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Misir millisini, eləcə də ərəb və Afrika futbolunu təbrik edirəm, çünki biz dünya çempionatında onları təmsil edirik. Misir xalqını təbrik edir və növbəti mərhələyə yüksəldiyimiz üçün Allaha şükür edirəm.
Əgər Fatuh zədələnməsəydi, qrupu birinci yerdə də başa vura bilərdik. Şükürlər olsun ki, növbəti mərhələyə yüksələrək azarkeşlərimizi sevindirə bildik.
İndi hazırlaşacaq, çox çalışacaq və bütün lazımi tədbirləri görəcəyik. Heyətdə zədəli futbolçular var, Muhanəd Laşin diskvalifikasiya olunub, Hamdi Fəthinin isə geri dönəcəyinə ümid edirəm. Amma istənilən halda misirlilərə demək istəyirəm ki, narahat olmasınlar, nikbin qalsınlar və qorxmasınlar. Mən bütün futbolçularıma inanıram”, – deyə Hossam Hassan bildirib.
Mütəxəssis əlavə edib ki, seçmə mərhələdə də məhdud heyətlə çıxış ediblər:
“Dünya çempionatının seçmə mərhələsində də məhdud heyətlə oynamışıq. Əgər qarşıdakı oyundan qorxsaydım, bu vəzifənin öhdəsindən gələ bilməzdim”.
İran millisinin baş məşqçisi Amir Qalenoy isə Misirlə heç-heçədən sonra bəxtin onların tərəfində olmadığını bildirib:
“Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda baş verən dəyişikliklər və bərpa üçün kifayət qədər vaxtın olmaması komandanın çıxışına təsir göstərdi.
İndi yalnız digər qarşılaşmaların nəticələrini gözləməliyik və ümid etməliyik ki, ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələyə yüksələcəyik”.


