Hussem Auar satıldı, Metyu Rayan gəldi

İtaliyanın “Roma” klubunun mərkəz yarımmüdafiəçisi Hussem Auar Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçunun yeni klubu məlumat yayıb.

Əlcəzair və Fransa vətəndaşlığına malik yarımmüdafiəçinin “Əl-İttihad”a satışı “Roma”ya 12 milyon avro qazandırıb. Halbuki o, Romanın eyniadlı təmsilçisinə ötən ilin yayında azad agent kimi keçmişdi. Auarın “canavarlar”la 2028-ci ilin yayına kimi müqaviləsi var idi. O, Səudiyyə Ərəbistanı klubu ilə də 2028-ci ilin 30 iyununa qədər anlaşıb.

Xatırladaq ki, Hussem Auar Lion “Olimpik”inin yetirməsidir. O, bu klubun əsas komandasında 233 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 41 qol vurub, 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd etdiyimiz kimi, “Roma”ya 2023-cü ilin yayında qoşulmuş Auar, İtaliya klubunun heyətində keçirdiyi bir mövsüm ərzində 25 oyuna çıxıb, 4 qolla yadda qalıb.

Fransanın U-17 və U-21 yığmalarında oynamış Auar, bu ölkənin əsas milli komandasında da 1 oyun keçirib. Lakin 2023-cü ilin iyun ayından etibarən bu futbolçu Əlcəzair yığmasında çıxış edir. O, sözügedən komandanın heyətində 11 oyuna 3 qol vurub.

Hussem Auarı satan “Roma” heyətinə yeni futbolçu da cəlb edib. “Canavarlar” Niderlandın “Alkmar” klubunun qapıçısı Metyu Rayanı heyətə qatıblar. Şotlandiya və Avstraliya vətəndaşlığına malik 32 yaşlı qolkiper “Roma” ilə azad agent kimi 1+2 illik müqavilə bağlayıb.

Metyu Rayan karyerası ərzində “Bləktaun Siti”, “Sentral Koast Mariners”, “Brügge”, “Valensiya”, “Genk”, “Brayton”, “Arsenal”, “Real Sosyedad” və “Kopenhagen” kimi klubların da formasını geyinib. Təcrübəli qolkiper 2023-cü ilin yanvarından formasını geyindiyi “Alkmar”da 64 oyuna çıxıb, 71 qol buraxıb, 25 matçda qapısını toxunulmaz saxlayıb.

Avstraliyanın U-20 və U-23 yığmalarında da oynamış Rayan, əsas millidə 92 oyuna çıxıb. O, bu oyunlarda 84 qol buraxıb, 40 matçdan “quru” qurtulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: