“İnter” Simone İnzaqi ilə müqaviləsini yenilədi

İtaliya nəhəngi “İnter” “neradzurri”nin baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Milan klubunun rəsmi saytına istinadən məlumat verir:

“İnter” baş məşqçi Simone İnzaqi ilə müqavilənin müddətinin uzadıldığını elan etməkdən məmnundur. Yeni müqavilə sayəsində çalışdırıcı 2026-cı ilə qədər “neradzurri”yə rəhbərlik edəcək.

İkinci “ulduz”un fəthinə səbəb olmuş və Simone İnzaqi adını əbədi olaraq “İnter”lə bağlamış üç illik iş. Pyaçentsadan olan məşqçi və “İnter” 2026-cı ilə qədər birlikdə olacaqlar.

Münasibətlərin müddətinin uzadılması, İnzaqinin altı kuboku havvaya qaldırdığı üç əla mövsümdən sonra baş verir”, – “İnter”in rəsmi bəyanatında deyilir.

Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. 48 yaşlı italyan mütəxəssisin Milan təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 158 oyun, 104 qələbə, 28 heç-heçə, 26 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 313:134 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə ötən mövsüm İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb. 2022/2023-cü illər mövsümündə isə Simone İnzaqinin “İnter”i Çempionlar Liqasının finalında oyun zəkası və fəaliyyəti baxımından üstün olduğu bir mübarizədə Xosep Qvardiolanın “Mançester Siti”sinə 0:1 hesabı məğlub olaraq, gümüş medalla kifayətlənib.

Yeri gəlmişkən, “İnter” sol cinah müdafiəçisi Franko Karbonini Argentinanın “River Pleyt” klubuna icarəyə verib. Argentina nəhəngi 21 yaşlı argentinalı futbolçunu satınalma şərti ilə 1 illik (2025-ci ilin 30 iyununa kimi) icarəyə götürüb. “River Pleyt” bu futbolçunun 1 illik icarəsi müqabilində “İnter”ə cəmi 500 min avro ödəyəcək.

Argentinanın “Lanus” klubunun yetirməsi olan Franko Karboni İtaliyaya “Kataniya” tərəfindən gətirilib. 2020-ci ilin yanvarında isə futbolçu “İnter”ə keçib. Lakin ona Milan təmsilçisinin əsas komandasında debüt qismət olmayıb. Əvəzində o, “Ternana”, “Kalyari”, “Montsa” kimi klublara icarəyə verilib.

İtaliya vətəndaşlığı da olan Karboni vaxtilə bu ölkənin U-18 yığmasında oynasa da, 2022-ci ildə Argentinanın U-21 millisinə cəlb olnunub.

Xəbəri sosial şəbəkələrdə paylaş: