Jorje Jezus – Portuqaliya millisinin yeni baş məşqçisi!

Portuqaliya Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçi vəzifəsinə təyinatla bağlı Jorje Jezus ilə razılıq əldə olunduğunu açıqlayıb.

Arena.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssislə 4 illik (2030-cu ilin 31 iyulunadək) müqavilə imzalanıb.

Jezus bu vəzifədə dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmış komandanın baş məşqçiliyi postundan ayrılmış Roberto Martinesi əvəzləyib.

Təcrübəli portuqaliyalı mütəxəssis son olaraq 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. O, komandanı ölkə çempionluğuna daşıdıqdan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı.

Bundan əvvəl Jezus iki fərqli dövrdə “Əl-Hilal”a rəhbərlik edib (2018–2019 və 2023–2025). Onun rəhbərliyi altında Ər-Riyad təmsilçisi bir dəfə Səudiyyə Ərəbistanı çempionu və ölkə kubokunun qalibi olub, üç dəfə isə super kuboku qazanıb.

Jorje Jezus məşqçilik karyerası ərzində Portuqaliyanın “Benfika”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense” və “Vitoriya” (Gimaraynş), Braziliyanın “Flamenqo”, həmçinin Türkiyənin “Fənərbağça” komandalarını da çalışdırıb.

Jezus “Benfika” ilə üç dəfə Portuqaliya çempionu (2010, 2014, 2015), bir dəfə ölkə kubokunun (2014), beş dəfə isə super kubokun (2010, 2011, 2012, 2014, 2015) qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: