“Kəpəz” gürcü yarımmüdafiəçi ilə gücləndi

Yeni mövsümdən Premyer Liqada yarışacaq “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Gəncə klubu gürcüstanlı dayaq yarımmüdafiəçisi Georgi Kantariyanı transfer edib.

25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Georgi Kantariya Tiflis “Dinamo”sunun yetirməsidir. Lakin o, peşəkar karyerasına “Zuqdidi” komandasında başlayıb. 2007-2012-ci illər aralığında yarımmüdafiəçi Belarusun “Neman” (Qrodno) klubunda legioner həyatı yaşayıb. Gürcü futbolçu Belarus təmsilçisində 100-dən çox oyuna çıxıb. Onun sonuncu klubu Gürcüstan “Telavi”si olub. Yarımmüdafiəçi bu ilin əvvəlində Belarus təmsilçisindən ayrılaraq “Telavi”yə qoşulmuşdu.

Kantariya Gürcüstanın U-21 millisində də çıxış edib. O, bu komandada 4 matça çıxıb.

“Kəpəz” bu yay Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Samir Məhərrəmli və Zamiq Əliyevi də heyətinə qatmışdı. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yollarını ayıran Gəncə klubunda Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: