Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə Bakıda hazırlaşan “Kəpəz”lə “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, Gəncə və Naxçıvan təmsilçiləri “Dalğa Arena”da üz-üzə gəliblər.
Qarşılaşmada hesabı naxçıvanlılar açsa da, Gəncə klubu cavab qolunu vurmağı bacarıb. Nəticədə bu görüş 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” qarşıdakı mövsümdə ilk dəfə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq. Sözügedən komanda bundan əvvəlki yoxlama oyununda “Turan Tovuz”la qarşılaşmış və 1:5 hesablı məğlubiyyətə üzülmüşdü.
“Kəpəz” isə bunadək keçirdiyi yoxlama oyunlarında “Səbail”ə və “Zirə”yə eyni hesabla (1:2) məğlub olmuşdu.
Yoxlama oyunu
20 iyul
“Kəpəz” – “Araz-Naxçıvan” 1:1
Qollar: Mate Kvirkviya – Orxan Əliyev.


