“Kəpəz”in “Araz-Naxçıvan”la sınaq matçı ləğv olundu

“Kəpəz”ın Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalan hissəsinə hazırlıq planlarında dəyişiklik olub.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib. Klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.

Yoxlama görüşü üçün rəqib axtarışına çıxan Gəncə təmsilçisi Birinci Liqada çıxış edən “İmişli” ilə anlaşıb. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.

Xatırladaq ki, “Kəpəz” çempionatın ikinci hissəsinə Gəncədə hazırlaşacaq. Hazırda 10 günlük istirahətdə olan “sarı-göylər” yanvarın 4-də Gəncə şəhər stadionunda bir araya gələcəklər.

Təlim-məşq toplanışı dövründə komanda bir neçə yoxlama oyunu keçirəcək. Adil Şükürovun çalışdırdığı komanda elita klublarından “Qəbələ” ilə də qarşılaşacaq. Bu rəqiblə oyun isə yanvarın 10-da baş tutacaq. Yoxlama matçlarının yeri və saatı barədə əlavə məlumat veriləcək.

Gəncə təmsilçisi mövsümün ilk iki dövrəsindən sonra 14 xalla 9-cu pillədə qərarlaşıb. Komanda indiyə qədər keçirdiyi 18 oyunda cəmi 3 qələbə qazanıb, 5 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: